“Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin keçirilmə Qaydaları
1.1. “Sabahın alimləri” VIII Respublika Müsabiqəsi (bundan sonra Müsabiqə) hər il ABŞ-da keçirilən İntel İSEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur.
1.2. Bu Qaydalar İntel İSEF-in Beynəlxalq Qaydalar və Təlimatlarına uyğun hazırlanmışdır.
1.2. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinin (IX - XI) elmi-texniki yaradıcılığa sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsinin təmin edilməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmitədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsi və seçilmiş şagirdlərin beynəlxalq müsabiqəyə göndərilməsindən ibarətdir.
1.3. Müsabiqədə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər.
1.4. Müsabiqənin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.
1.5. Müsabiqənin istiqamətləri:
- Riyaziyyat
- Fizika, astronomiya
- Kimya
- Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)
- Tibb və sağlamlıq
- Ekologiya, ətraf mühitin idarə olunması
- Mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.)
- Kompüter elmləri.
1.6. Müsabiqənin dili Azərbaycan və rus dilləridir (iştirakçılar ingilis dilini də bilməlidirlər).
1.7. Müsabiqədə iştirak pulsuzdur.
1.8. Müsabiqənin keçirilməsi üçün Təşkilat Komitəsi, Elmi Ekspertiza Komitəsi (EEK) və Münsiflər Heyəti yaradılır.
2. Müsabiqənin keçirilmə mərhələləri
2.1. Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə elan olunur və növbəti ilin fevral ayına qədər üç mərhələdə aparılır.
2.1.1.Birinci mərhələdə aşağıdakılar həyata keçirilir:
- Müsabiqənin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ümumi təhsil müəssisələrinə və təhsili idarəetmə orqanlarına göndərilir;
- Müsabiqənin işçi qrupu tərəfindən ümumi təhsil müəssisələrinin direktorları, Kiçik Akademiyaların rəhbərləri, şagirdlər və müəllimlər müsabiqə barədə məlumatlandırılırlar;
- bütün məlumatlar sabahinalimleri.edu.az saytında yerləşdirilir;
- müsabiqədə iştirak etmək istəyən şagirdlər sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçərək ilkin mərhələ üçün tələb olunan formaları doldurur;
2.1.2. İkinci mərhələdə aşağıdakılar həyata keçirilir:
- EEK tərəfindən müsabiqənin final mərhələsinə buraxılan şagirdlərə və onların təhsil aldıqları ümumi təhsil müəssisələrinə müvafiq bildirişlər göndərilir;
- yanvar ayının birinci ongünlüyündə şagirdlər öz layihələrini poster formasında hazırlayırlar. Posterdə yerləşdirilmiş çap, qrafik və foto materiallar tədqiqatın annotasiyasının geniş variantını əks etdirməlidir.
- Müsabiqə ərəfəsində iştirakçıların posterləri müsabiqə keciriləcək məkanda əvvəlcədən yerləşdirilir.
2.1.3. Üçüncü mərhələdə finala vəsiqə qazanmış iştirakçıların layihələri müsabiqə günü Münsiflər Heyəti tərəfindən dinlənilir (müsahibə formasında) və Qiymətləndirmə meyarlarına uyğun olaraq 100 ballı sistemlə qiymətləndirilir. Həmin ballara əsasən iştirakçıların reytinq cədvəli tutulur və qaliblər müəyyənləşdirilir.
2.2. Qaliblər sırasından ABŞ-da keçiriləcək İntel İSEF-də ölkəmizi təmsil edəcək şagirdlər seçilir.
3. Layihələrin hazırlanması
3.1. Müsabiqəyə təqdim olunan layihələr fərdi şəkildə və ya şagird kollektivi tərəfindən yerinə yetirilməlidir. Kollektiv layihələrdə 2 şagird iştirak edə bilər.
3.2. Hər şagird (şagird kollektivi) yalnız bir layihə təqdim edə bilər. Layihədə müsabiqə elan olunan ilin yanvar ayından növbəti ilin yanvar ayına qədər yerinə yetirilən tədqiqatın nəticələri əks olunmalıdır.
Layihə əvvəlki ildə aparılan işlərin davamı da ola bilər. Bu halda müvafiq forma( Forma 7) doldurulmalı və EEK-ya təqdim edilməlidir.
3.3. Hər bir layihə üzrə ümumi təhsil müəssisələri tərəfindən elmi rəhbər (forma 1) təyin edilir. Elmi rəhbər müvafiq sahədə dərin bilikləri olan müəllimlər sırasından seçilir və layihənin yerinə yetirilməsinə nəzarət edir;
3.4. BSL- təhlükə potensiallı bioloji agentlər, DEA-nəzarəti altında olan maddələr, insan iştirakçıları cəlb olunan, onurğalı heyvanlara dair tədqiqatların aparılması üçün ali təhsil müəssisələri və elmi təşkilatlarda çalışan alimlər cəlb olunur (forma 2);
3.5. İnsan iştirakçıları, onurğalı heyvanlar və təhlükə potensiallı bioloji agentlərlə bağlı layihələrin mövzuları təcrübə-sınaq işlərinə başlamamışdan əvvəl Elmi Ekspertiza Komitəsi (EKK) tərəfindən təsdiq edilməlidir;
3.6. Elmi rəhbər şagird ilə birlikdə Tədqiqat planını (forma1A əlavə olunur) hazırlayır və tədqiqat işi həmin plana uyğun aparılır;
3.7. Bütün layihələr üçün şagirdin Yoxlama cədvəli (forma 1A) və Təsdiq forması (1B) doldurulmalıdır. Hər bir şagirdin elmi tədqiqatına dair qeydlərini əks etdirən gündəliyi olmalıdır;
3.8. Cari ililin 15 dekabr tarixinə qədər tədqiqat başa çatdırılır və alınmış nəticələrə dair annotasiya EEK-ya təqdim olunur; təqdim edilmiş annotasiyalara EEK tərəfindən ilkin baxış keçirilir (lazım gəldikdə layihəni təqdim edən şagird və onun elmi rəhbəri EEK-nın iclasına dəvət olunur və annotasiya onlarla birgə müzakirə edilir);
3.9. Cari ilin 31 dekabr tarixinə qədər layihənin tərtibi forması doldurularaq (nümayiş vasitələri olduğu halda onların təsviri ilə) EEK-ya göndərilir;
3.10. Növbəti ilin 19 yanvar tarixinə qədər bütün annotasiyalar EEK tərəfindən müzakirə olunaraq təsdiq edilir və müsabiqəyə buraxılan layihələr, habelə müsabiqənin final mərhələsində nümayiş etdirilməsinə icazə verilən vasitələr barədə qərar qəbul olunur.
3.11. Elmi layihələrin hazırlanması zamanı əxlaq və etika normalarına riayət olunmalıdır. Əxlaq və etika normalarının pozulmasına plagiatcılıq (ədəbi və elmi oğurluq ), saxtakarlıq (saxta sənəd, saxta imza) , digər tədqiqatçının işindən istifadə ya onu özününkü kimi qələmə vermə, qondarma məlumatlardan istifadə etmə daxildir. Əxlaq və etika normalarının pozulması hər hansı bir mərhələdə EEK və ya Münsiflər Heyəti tərəfindən aşkarlanarsa, həmin pozuntulara yol verən iştirakçılar müsabiqədən kənarlaşdırılır.
3.12. “Kitabxana” tədqiqatı, nümayiş və məlumat xarakterli layihələr, “izahat” modelləri və ya alətlərin hazırlanması bu müsabiqəyə qəbul edilmir.
3.13. Şagirdin apardığı tədqiqat peşəkar alim tərəfindən həyata keçirilən geniş araşdırma işinin bir hissəsi ola bilər. Bu halda şagirdin həmin işə verdiyi töhfə əsaslandırılmalıdır.
4. Müsabiqəyə təqdim olunan layihələrə verilən tələblər
4.1. Layihə elmi-praktik əhəmiyyəti olan tədqiqatın və eksperimentin nəticəsi, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri və s. həsr oluna bilər.
4.2. Hər bir layihədə elmi problemin aktuallığı, irəli sürülən fərziyyə, şagird tərəfindən aparılmış tədqiqatın metodları və nəticələri əks olunmalı, həmin nəticələrin tətbiqinə dair təkliflər verilməlidir. Müsabiqənin final mərhələsində layihələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni elmi ideyası olan şagirdlərə verilir.
4.3. Müsabiqəyə təqdim olunan layihələrdə aşağıdakılar əks olunmalıdır:
- tədqiq olunan məsələ və ya problem (məsələnin seçiminin səbəbini, onun elmi-praktik əhəmiyyətini göstərmək vacibdir);
- məqsəd, fərziyyə, gözlənilən nəticələr;
- tədqiqat prosesində istifadə edilən üsulların, yaxud prosedurların ətraflı təsviri (tədqiqat üsulları, prosedurlar, təcrübə avadanlıqları və məlumatların emalı üsulları);
- əldə olunmuş nəticələrin təhlili (işin yerinə yetirilməsi prosesində əldə olunan əsas nəticələr, onların elmi-praktik əhəmiyyəti, alınmış nəticələrin yeniliyi, onların müqayisəli təhlili);
- istifadə olunmuş ədəbiyyat siyahısı:ən azı beş mənbə göstərilməlidir (elmi jurnaldan məqalə, kitab, Internet saytı). Onurğalı heyvanlarla bağlı tədqiqatlar üçün bu istinadlardan biri heyvanlara qayğı haqqında olmalıdır.
4.4. Tədqiqat və eksperiment başa çatdıqdan sonra annotasiya və sertifikasiya forması doldurulur (əlavə olunur) və baxış üçün EEK-ya təqdim edilir.
4.4.1. Annotasiya və sertifikasiya aşağıdakı tələblərə cavab verməlidir: mətn - 250 simvola qədər, şrift - Times New Roman, hərflərin ölçüsü - 12.
4.4.2. Mətn faylında həmçinin aşağıdakılar əks olunmalıdır:
- Müsabiqənin istiqaməti;
- Tədqiqat işi yerinə yetirilən təhsil müəssisəsinin (elmi təşkilatın) adı;
- Layihənin adı;
- İştirakçının adı, soyadı və atasının adı;
- Təhsil aldığı ümumi təhsil müəssisəsinin adı, poçt ünvanı, telefonu və e-mail ünvanı;
- Təhsil aldığı sinif;
- İştirakçının ünvanı, telefonu, e-mail ünvanı;
- Elmi rəhbərin adı, soyadı, atasının adı, iş yeri və vəzifəsi, əlaqə telefonu.
4.5. Layihələrin qeydiyyatı sabahinalimleri.edu.az saytında on-line rejimində həyata keçirilir.
5. Layihələrin təqdimatına verilən tələblər
5.1. Müsabiqədə layihələrin təqdimatı “poster” formatında həyata keçirilir. Münsiflər Heyətinin üzvləri növbə ilə poster yerləşən stendlərə yaxınlaşır və hər bir iştirakçı ilə 15 dəqiqə ərzində müsahibə aparır.
5.2. İştirakçılar tərtib olunmuş poster və müsabiqənin Təşkilat Komitəsi tərəfindən icazə verilmiş nümayiş vasitələrinin köməyi ilə öz layihələri haqqında məlumat verirlər.
Posterlərdə və nümayiş vasitələrində reklam xarakterli və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə icazə verilmir.
5.3. Materiallar əvvəlcədən layihənin elmi rəhbəri ilə razılaşdırılmalı və posterin ölçülərinə uyğun olaraq hazırlanmalıdır.
5.4. Təşkilat Komitəsi müsabiqə iştirakçılarının poster və nümayiş vasitələrinin məzmununa görə məsuliyyət daşımır.
5.5. Posterdə müsabiqə iştirakçısı haqqında şəxsi məlumatlar, onun elmi rəhbəri və tədqiqatın aparıldığı yer, iştirakçının təhsil aldığı tədris müəssisəsi haqqında məlumatlar yerləşdirilmir.
5.6. Layihə elmi müəsissədə yerinə yetirildiyi halda onun müsabiqədə nümayiş etdirilməsinə qədər müəssisənin və mütəxəssis alimin razılığı olmalıdır (forma 1C).
5.7. Kollektiv layihədə iştirak edən şagirdin biri müsabiqədə iştirak edə bilmirsə (üzürlü və ya üzürsüz səbəbdən) layihə müsabiqəyə buraxılmır.
6. Qaliblərin mükafatlandırılması
6.1. Müsabiqənin hər bir istiqaməti üzrə Münsiflər heyəti tərəfindən verilən qiymətlər əsasında qaliblər müəyyənləşdirilir. Ballara uyğun olaraq I yerə 1 nəfər, II yerə 2 nəfər, III yerə 3 nəfər layiq görülə bilər. Müsabiqənin qaliblərinə sertifikat, pul mükafatı və ya hədiyyələr təqdim edilir.
6.2. Müsabiqədə münsiflər heyəti tərəfindən verilən qiymətləndirmədən apellyasiya şikayəti qəbul olunmur.
6.3. Müsabiqə qaliblərinə təşkilatçılar, ali təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən xüsusi mükakafatlar da təqdim edilə bilər.
6.4. Kollektiv layihə müəllifləri pul mükafatına layiq görüldükdə həmin yer üçün nəzərdə tutulan məbləğ müəlliflər arasında bərabər bölünür.
6.5. Müsabiqə qalibləri sırasından aktual problemə həsr edilmiş və ciddi nəticələr əks olunan elmi layihə müəllifləri Təşkilat Komitəsi və Münsiflər heyəti tərəfindən seçilib İntel İSEF – İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərillir. Bu şagirdlər öz elmi layihələrini mükəmməl şərh etməyi və fikirlərini ingilis dilində sərbəst çatdırmağı bacarmalıdırlar.
6.6. Qaliblərin elmi rəhbərləri ümumi təhsil müəssisəsinin rəhbərliyi və Müsabiqənin təşkilatçıları tərəfindən rəğbətləndirilə bilər.