Intel ISEF haqqında
Intel ISEF (Intel International Science and Engineering Fair) - Beynəlxalq Elm və Mühəndislik Sərgisi - ildə bir dəfə ABŞ-da keçirilən şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir. Bu, dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan ən iri müsabiqədir.
Müsabiqənin əsas təşkilatçısı və sponsoru İntel korporasiyasıdır.
Intel ISEF müsabiqəsi Intel korporasiyasının təhsil sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biridir. Intel həmçinin müəllimlərin ixtisasartırmasına da dəstək verir və hər il öz əməkdaşlarını könüllü işlərə cəlb edir. Son 10 il ərzində Intel və Intel Foundation təhsil sahəsinə 1 milyard dollar investisiya yatırmış, korporasiyanın əməkdaşları isə 60-dan artıq ölkədə aparılan ictimai işlərə təxminən 3 milyon saat sərf etmişlər.
Intel ISEF müsabiqəsi 1950-ci ildən başlayaraq Society for Science and the Public (Elm və Xalq naminə Cəmiyyət) qeyri-kommersiya təşkilatının himayəsi altında keçirilir. 1997-ci ildən etibarən Intel korporasiyası ISEF-in baş sponsoru kimi bu müsabiqəni özünün Intel “Təhsildə novatorluq” korporativ proqramı çərçivəsində, habelə Intel Foundation xeyriyyə fondunun dəstəyi ilə təşkil edir.
Intel ISEF və digər təhsil proqramlarının köməyi ilə Intel korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır.
Intel ISEF müsabiqəsinin keçirilməsi şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsini təmin edir, eyni zamanda “məktəb - ali təhsil müəssisəsi - doktorantura” triadası çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsinə səbəb olur. Müxtəlif ölkələrdə müsabiqələrin keçirilməsinə və məktəblərdə şagirdlər tərəfindən tədqiqatların aparılmasına ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı cəlb olunur ki, bu da elmin bir peşə kimi populyarlaşmasına xidmət edir.
Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 550-dən artıq müsabiqənin qalibləri qatılır. Son illər Intel ISEF beynəlxalq müsabiqəsində öz elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayı xeyli artmışdır. Bu da elmtutumlu tədqiqatlara şagirdlərin marağının artmasını əks etdirir. Müsabiqədə iştirak edən ölkələrin sayı artır, coğrafiyası genişlənir. Belə ki, əgər 2006-cı ildə bu müsabiqədə 47 ölkə, 2009-cu ildə 51 ölkə iştirak etmişdirsə, 2011-ci ildə ölkələrin sayı 65-ə çatmışdır. Hər il Intel ISEF müsabiqəsinə yeni ölkələr qatılır. İştirakçıların sayı artdıqca şagirdlər arasında mübarizə gərginliyi də yüksəlir.
Lakin bu yarışmada şagirdlər üçün əsas iş yalnız mükafat qazanmaq deyil. Intel ISEF müsabiqəsində şagirdlər onları maraqlandıran sahələrdə çalışan dünya şöhrətli alim və görkəmli mühəndislərlə ünsiyyətdə ola bilir, onlara sual vermək və apardıqları tədqiqatların perspektivləri barədə daha çox məlumat əldə etmək kimi unikal bir fürsət qazanırlar. ISEF-də qazanılmış kiçik elmi nailiyyətlər bir çoxlarını böyük elmə gətirib çıxarır.
Maraqlı bir fakt: Intel ISEF-in 20-dən çox qalibi sonralar Nobel mükafatı laureatları, 3 qalibi isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı laureatı olmuşdur. Intel korporasiyasının direktorlar şurasının sədri d-r Kreyq Barretin sözlərinə görə “Intel ISEF şagirdləri yaşadığımız dünyanın tədqiqinə sövq edir. Müsabiqə qaliblərinin uğurları adamı heyrətləndirməyə bilməz. İnanıram ki, gənc alim və mühəndislərin yeni nəsli səhiyyənin daha da inkişaf etməsinə, ətraf mühitin mühafizəsinə öz töhfələrini verəcək və dünyanı dəyişdirən inqilabi texnologiyalar yarada biləcək”.
Müxtəlif ölkələrdə Intel ISEF müsabiqəsinə seçim turunun düzgün təşkil edilməsi və bu işin səmərəliliyinin artırılması məqsədilə hər il müsabiqə ilə eyni vaxtda Intel Təlim Akademiyası fəaliyyət göstərir. Akademiyanın dinləyiciləri milli müsabiqələrin keçirilməsi barədə müxtəlif ölkələrin təcrübəsi ilə tanış olur, fikir mübadiləsi aparmaq imkanı əldə edirlər. Burada müxtəlif elm adamları, ISEF-in keçmiş qalibləri və digər maraqlı şəxslərlə görüşlər təşkil olunur. Akademiyaya ilk dəfə dəvət olunan ölkələrin nümayəndələrinə milli müsabiqələrin hazırlanması və keçirilməsinə dair tövsiyələr verilir, bu sahədə fəaliyyət planının tərtib olunmasına yardım göstərilir.
2011-ci ilin 9-13 may tarixlərində Intel ISEF-in 62-ci müsabiqəsi ABŞ-ın Los Anceles şəhərində (Kaliforniya ştatı) təşkil edilmişdir. Müsabiqədə 65 ölkədə keçirilmiş 443 seçim müsabiqələrinin qalibləri olan, 1500-dən çox finalçı şagird iştirak etmişdir. Avropa, Yaxın Şərq və Afrika regionunun 33 ölkəsindən müsabiqəyə 198 şagird qatılmışdır.
Yuxarıda qeyd olunduğu kimi, Intel ISEF müsabiqəsinə qatılan ölkələrin sayı ildən ilə artmaqdadır. MDB-yə üzv ölkələrdən bu müsabiqəyə ilk olaraq Rusiya Federasiyası 1998-ci ildə qatılmışdır. Hazırda Intel ISEF müsabiqəsində Qazaxıstan, Ukrayna, Belarus, Moldova və Gürcüstan respublikaları da fəal iştirak edir.
Azərbaycan bu tədbirə 2011-ci ildə qatılmış, 2012-ci ildən isə iştirak edır.
Növbəti Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinin 2016-cı ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçirilməsi planlaşdırılır.
Bu nüfuzlu müsabiqə bütün dünya üçün aktual olduğu kimi, Azərbaycan üçün də aktual və əhəmiyyətlidir. Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilmişdir. Bu gün Azərbaycan məktəblərində tədqiqatlar aparmağa, yeni informasiya texnologiyalarından istifadə etməyə geniş imkanlar yaradılır. Orta ümumi təhsil müəssisələrində Kiçik Akademiyalar fəaliyyət göstərir, həmin Akademiyalar çərçivəsində elmi konfranslar keçirilir. Bu işlərin aparılmasında əsas məqsəd şagirdlərə kiçik yaşlarından elmi vərdişlər aşılamaq, onları yeni elmi axtarışlara, ətraf mühiti yaxşılığa doğru dəyişdirməyə sövq etməkdən ibarətdir.
Bütün bunlar imkan verir ki, ölkəmizin ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında elm və mühəndislik sahəsində biz də milli müsabiqə keçirək və həmin müsabiqənin qalibləri sırasından ən layiqlilərini seçərək Intel ISEF müsabiqəsinə göndərək. Əlbəttə, bu işdə həm ümumi təhsil müəssisələrinin müəllim kollektivləri, həm də ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimlər öz töhfələrini verməlidirlər.